  Oyunların uşaqların sağlam inkişafı və tədrisində əhəmiyyəti bir sıra araşdırmalarla artıq təsbit edilmişdir. Həm bağlı məkanlarda, həm açıq havada uşaqların bu dünya ilə tanış olması və müxtəlif oyunlar oynamaqla öz bacarıqlarını inkişaf etdirməsinə şərait yaradılmalıdır. Firavan yaşayan ailələrdə dövlətin yaratdığı şəraitdən əlavə valideynlər də öz övladlarına hər iki seçimi təklif edə bilir. Lakin, imkansız ailələrdə adətən uşaqların evdə xüsusi oyuncaqları olmur və onlar ucqar rayonda yaşayırlarsa, açıq havada oyun meydançaları da ya çox az sayda olur, yaxud da heç olmur.
Məşhur Azərbaycan telejurnalisti Çingiz Mustafayevin adını daşıyan park VF AzərKreditin Şabran nümayəndəliyinə yaxın ərazidə yerləşir. Bu park uzun müddət ərzində bərbad vəziyyətdə idi və buna görə də yerli sakinlər tərəfindən istifadə edilmirdi. Bundan əlavə, məhdud resurslara malik şimal zonasında yerləşən Şabranda uşaqlar üçün açıq havada müasir oyun meydançalarının olmaması bu parkın uşaqlar üçün bərpa edilməsi və Uşaq Hüquqları Bəyannaməsində qeyd edilən kimi uşaqların oynayıb əylənməsi üçün tam şərait yaradılması ideyasına təkan verdi.
Beləliklə, VF AzərKredit təşkilatının yaxından iştirakı və onun sosial büdcəsindən ayrılan vəsaiti ilə park bütövlükdə təmir edilərək müasir standartlara uyğun bərpa edilmiş, uşaqların parkda keçirdikləri vaxtdan həzz alması üçün xoş və təhlükəsiz oyun meydançası quraşdırılmış, uşaqlarla birgə parka gələn valideynlərin istirahət etməsi və yaşlıların təmiz havada oturması üçün rahat skamyalar yerləşdirilmişdir. Parkın bütün ərazisi yenilənmiş, işıqlandırma sistemi tam dəyişdirilmiş, ağaclar səliqəyə salınmışdır. Hər şeydən əlavə, bu parkdan ən azı 1000 uşağın daim istifadə edib faydalanacağı gözlənilir.
Parkın açılış mərasimi 29 avqust 2013-cü il tarixdə yerli orqan nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Tədbir zamanı yerli əhali belə bir gözəl sosial təşəbbüs üçün dərin minnətdarlığını bildirmişlər. VF AzərKredit təşkilatının Kredit Departamentinin Rəhbəri M. Mirsalahov açılış nitqində qeyd etmişdir ki, VF AzərKredit təşkilatı hər zaman uşaqların rifahına xüsusi diqqət ayırmışdır və bu istiqamətdə olan layihələri davam etdirəcəkdir. Yerli orqanlar və icma nümayəndələri VF AzərKredit təşkilatına hədiyyə üçün təşəkkür edərək bildirmişlər ki, bu təmir-bərpa layihəsi həm uşaqlar və böyüklər üçün əyləncə məkanının yaradılması, həm də qəhrəman jurnalist Çingiz Mustafayevin xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.
Açılış mərasimi milli televiziya kanalı olan ANS TV vasitəsilə yayımlanmışdır.
|