  Məsuliyyətli maliyyələşdirmə strategiyasına daima sadiq qalan VF AzərKredit cari və potensial müştərilərin maliyyə savadlılığının artırılması məqsədilə 1 – 31 oktyabr 2014-cü il tarixlərində keçirilən Beynəlxalq “Düşün, Borc Al!” Kampaniyasına qoşulmuşdur.
Müştəri mühafizəsi standartlarını və maliyyə savadlılığını təşviq edən beynəlxalq təşkilat – Mikromaliyyə Mərkəzi (MFC) tərəfindən təşkil edilən bu Kampaniya oktyabr ayı boyunca 9 ölkədə həyata keçirilir. Kampaniyanın Azərbaycanda həyata keçirilməsini isə VF AzərKredit təşkil etmişdir.
Əsas mahiyyəti ilə müştərilərin maliyyə yüklülüyünün qarşısının alınmasına yönələn Kampaniya müştəriləri məsuliyyətli və təhlükəsiz şəkildə kredit götürmənin yolları, gəlirin və borcun idarə edilməsi, kredit müqaviləsinin başa düşülməsi, artıq borclanmanı yaradan səbəblər, narazılıqların həlli yolları və sair digər əhəmiyyətli mövzular barədə məlumatlandırmağı hədəfləyir.
Kampaniya barədə məlumatın daha səmərəli və maksimum dərəcədə yayılması üçün VF AzərKreditin kredit icraçıları təlimləndirilmiş, kampaniyaya dair poster və broşurlar çap edilərək VF AzərKreditin bütün filiallarına paylanmış, təşkilatın internet səhifəsində “Düşün, Borc Al!” başlıqlı bölmə yaradılaraq müştərilərin istifadəsinə verilmişdir. Kampaniya ərzində müştərilərə maarifləndirici SMS-lərin də göndərilməsi nəzərdə tutulur.
|