It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

Gender Bərabərliyinin Təşviqi Layihəsi bir sıra ailələrdə dəyişikliklərə təkan verdi

Gender Bərabərliyinin Təşviqi Layihəsi bir sıra ailələrdə dəyişikliklərə təkan verdi


VF AzərKreditin, Gender Layihəsi üzrə tərəfdaşları Oxfam Novib, Polşa Mikromaliyyə Mərkəzi (MFC) və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) ilə birlikdə, innovativ həll yollarından istifadə etməklə gender bərabərliyi məsələlərinə kompleks yanaşma prinsiplərinin mikromaliyyə sektorunda bərqərar olmasını təmin etmək məqsədilə təşkil etdiyi "Həyatını Dəyişdir" müsabiqəsi 15 noyabr 2011-ci il tarixdə başa çatmışdır.

Layihənin əsas məqsədi qadın və kişilərin imkanlarının genişləndirilməsi və həyat planlaşdırma alətlərindən istifadə edilməsi yolu ilə müştərilərin həyatına yeni dəyərlərin qatılması olmuşdur. İnsanların gender və həyat planlaşdırma alətlərinin istifadəsindən necə ən mükəmməl şəkildə faydalana biləcəyini müəyyən etmək məqsədilə VF AzərKredit əvvəlcə 2010-cu ilin yazında pilot proqram həyata keçirmişdir. Bu pilot seminarlar nəticəsində gender məsələlərinə həssaslığı artırmaq mümkün olmuş və iştirakçılar planlaşdırma alətlərindən öz biznes fəaliyyətlərinin inkişafında istifadə edə biləcəklərini qeyd etmişlər.

Pilot proqramın nəticələrindən ruhlanaraq, 15 sentyabr 2011-ci il tarixdə daha çox insan arasında bu alətləri yaymaq məqsədilə “Həyatını Dəyişdir” müsabiqəsinə start verildi. Müsabiqə 15 noyabr 2011-ci il tarixdə başa çatdı. Bu müddət ərzində VF AzərKreditin Mingəçevir filialı və Göygöl şöbəsi müsabiqə ilə maraqlanan istənilən şəxslər (həm müştərilər, həm də digər maraqlanan şəxslər) arasında bu alətləri təşviq etmək məqsədilə 600 buklet paylamışdır. Bukletdə verilmiş tapşırıqları etdikdən sonra 348 iştirakçı xüsusi olaraq bu müsabiqə üçün hazırlanmış flayerləri dolduraraq VF AzərKreditin Mingəçevir filialı və ya Göygöl şöbəsinə təqdim etmişlər.

Bukletdə bir neçə asan və əyləncəli tapşırıqlar verilmişdir. İştirakçılar qeyd etmişlər ki, onlar bukletlərin doldurulmasına 1 saatdan 10 günə qədər vaxt ayırmışlar və çox maraqlıdır ki, bəzən gözlənilməz bir nəticə əldə etmişlər. İştirakçılar çox maraqla Gender Brilyantı, Problemlərin Həlli Ağacı və Hədəfə Gedən Yol tapşırıqlarını mərhələli şəkildə həll etmişlər:

  1. Gender Brilyantı qadın və kişi, xüsusilə də ər və arvad arasında dialoqa nail olunması üçün əsas tapşırıqlardan biri kimi təqdim edilmişdi. Bu alətdən istifadə edən iştirakçılar şəxsi həyatlarına xeyli dərəcədə təsir edən əsas problemləri müəyyən edə bilmişlər. Bundan başqa, ailə həyatının mənfi və müsbət tərəflərinin müəyyən edilməsi onların həyata baxışlarını dəyişdirmiş və qadınlar və kişilər ilk baxışdan kiçik görünən, lakin ailənin xoşbəxtliyə nail olmasında mühüm rol oynayan detallara daha çox diqqət yetirməyə başlamışlar.
  2. Problemlərin Həlli Ağacı iştirakçılara problemlərlə üzləşdikdə, onların öhdəsindən necə gəlmək yollarını öyrətdi. Bu alətdən istifadə etməklə, onlar əsas problemləri təhlil edə, əsas çətinlikləri müəyyənləşdirə və müvafiq həll yolları düşünüb tapa bilmişlər. İştirakçılar tərəfindən işlənib hazırlanan planların çoxu ağlabatan idi və problemin kökləri və həll yolları barədə ətraflı təhlilin aparıldığını sübut edirdi.
  3. Hədəfə Gedən Yol tapşırığının təqdim etdiyi strateji planlaşdırma bacarıqları iştirakçılara öz ailəsində, biznes fəaliyyətində və digər sahələrdə nəyə nail olmaq istədiklərini tam anlamağa kömək etdi. Başqa sözlə desək, bu tapşırığı etməklə onlar həyatda əzmlə irəliləmək üçün özlərinə bir çığır cızmış oldular. Hədəfə Gedən Yol müştərilərin qərar vermə bacarıqlarını artırmış və onların gələcəyə inamlarına müsbət təsir göstərmişdir.
İştirakçılar tərəfindən təqdim edilmiş cavablar müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Cavablara tamlığına, uzlaşmasına və məxsusiliyinə görə qiymət verilmişdir.

Müsabiqə qalibləri 7 dekabr 2011-ci il tarixdə Mingəçevirdə, 8 dekabr 2011-ci il tarixdə isə Göygöldə mükafatlandırılmışlar. İlk 3 yeri tutan qaliblərə müvafiq olaraq 500 AZN, 300 AZN və 150 AZN dəyərində istədikləri ev əşyaları təqdim edilmişdir. Digər 20 qalib isə 10 AZN məbləğində telefon danışıq kartı və digər kiçik hədiyyələr almışlar.

Mingəçevir Filialının müştərisi Elşən Qarayev 1-ci yeri tutmuşdur. Bu 41 yaşlı kişi zavodda işləməkdən əlavə iş saatlarından sonra taksi xidməti göstərir ki, ailəsi, xüsusilə də 2 övladı üçün daha yaxşı həyat təmin edə bilsin. Özünün dediyinə görə o, bukleti anası ilə birlikdə 3 gün ərzində doldurmuşdur. Nəticədə, o mümkün 20 baldan 19-nu toplamışdır. O, hədiyyə olaraq yumşaq mebel dəsti və su qızdırıcı seçmişdir. E.Qarayev Müsabiqə haqqında təəssüratlarını belə bölüşdürmüşdür:

"Mən bukleti ilk görəndə o mənim diqqətimi cəlb etdi. Səhifələri vərəqlədikcə, beynimdə yeni ideyalar yarandı. Bukleti doldurduqdan sonra mənim gələcək barədə fikirlərim və həyata baxışım xeyli dəyişdi. Mən bukletdən çox şey öyrəndim və indi də öyrəndiklərimi həyatda tətbiq etməyə çalışıram."

Zülfani Nağıyeva və Günel Qasımova müvafiq olaraq 2 və 3-cü yerləri tutmuşlar. Bu qadın müştərilər Göygöl Şöbəsinin müştəriləridir. Öz istəklərinə uyğun olaraq, Zülfani Nağıyevaya LCD TV, Günel Qasımovaya isə telefon dəsti, ütü və qızartma avadanlığı hədiyyə verilmişdir.

20 nəfər isə (12 qadın və 8 kişi müştəri) xüsusi həvəsləndirici hədiyyələr udmuşlar – onlardan hər birinə 10 AZN məbləğində telefon kartı verilmişdir.

Mingəçevirdə keçirilən təltif mərasimində Mərkəz Regionu üzrə Menecer Əli Məlikov çıxış etmiş və bir daha iştirakçıları təbrik etmişdir. O, Layihənin əhəmiyyəti barədə danışmış və qaliblərə bundan sonra da müvəffəqiyyət arzu etmişdir. Bundan sonra AMA-nın nümayəndəsi Sevda Hüseynova qaliblərə müraciət edərək, AMA və VF AzərKredit arasındakı əməkdaşlıqdan və təqdim edilmiş həyat planlaşdırma alətlərinin faydalarından bəhs etmişdir.

Sonda qaliblər hədiyyələrini almışlar və təltif mərasimi yerli Mingəçevir televiziya kanalı vasitəsilə yayımlanmışdır.



Göygöldə isə Şimal Regionu üzrə Menecer İlham Abdullayev qalibləri təbrik etmiş, VF AzərKredit və onun sosial missiyası barədə danışmışdır, AMA-nın nümayəndəsi Sevda Hüseynova isə VF AzərKreditin bu kimi layihələrə töhfəsindən bəhs etmişdir.

2-ci və 3-cü yer qalibləri və digər qaliblər hədiyyələrini aldıqdan sonra VF AzərKreditin işçi heyəti ilə birlikdə xatirə şəkli çəkdirmişlər.




İştirakçıların bildirdiklərinə görə bukletdən istifadə nəticəsində iştirakçılar ailələrindəki münasibətləri bir daha gözdən keçirmiş, ailədə səmimiyyət daha da artmış, həyat yoldaşları əvvəllər bir-birlərinə söyləmədiklərini dilə gətirmişlər; bəzi ailələr həyatlarında ilk dəfə olaraq öz gələcəklərini həm ər, həm də arvadın iştirakı ilə planlaşdırmışlar; bəziləri problemləri planlı şəkildə necə həll etməyi öyrənmişlər; xüsusilə də qadınların özünə inamı və gələcəyə ümidi artmışdır; həm ər, həm də arvad ailə qarşısında daşıdıqları məsuliyyətləri daha aydın anlamışlar. Qeyd olunmuşdur ki, VF AzərKreditin bu cür kampaniyalar keçirməsi təşkilatın həqiqətən də müştərilərin rifahında maraqlı olduğunu bir daha nümayiş etdirir.

16 dekabr 2011-ci il tarixdə Layihənin nəticələri Bakıda keçirilən seminarda ictimaiyyət üçün açıqlanmışdır. Tədbir AMA və MFC tərəfindən təşkil edilmişdi və tədbirdə müxtəlif maliyyə təşkilatlarından, xarici səfirliklərdən, QHT-lərdən və vətəndaş cəmiyyətinin müxtəlif sahələrindən qonaqlar iştirak edirdi.


Tədbirin əvvəlində AMA-nın İdarə Heyətinin Sədri Süleyman Kələşov iştirakçıları salamladı və kiçik girişlə tədbiri açıq elan etdi. Sonra Polşa Mikromaliyyə Mərkəzinin Baş Layihə Koordinatoru Kinqa Dabrovska Gender Layihəsinin araya-ərsəyə gəlməsindən, onun icrasından və gələcək planlardan danışdı. AMA-nın Regional Şəbəkə Koordinatoru Sevda Hüseynova isə növbəti təqdimat ərzində iştirakçılara Layihə barədə onun başlandığı andan ta bitməsinə qədər geniş məlumat verdi. O ilkin olaraq 2010-cu ildə icrasına başlanılmış pilot proqram və həmin proqramın uğurlu nəticələri barədə danışdıqdan sonra pilot proqramın uğur hekayələrinin qəhrəmanlarından biri olan Aytəkin Baxışovanı və “Həyatını Dəyişdir” Müsabiqəsinin qalibi Elşən Qarayevi iştirakçılara təqdim etdi. Onların hər ikisi şəxsi təcrübələrini iştirakçılarla bölüşdürdülər. Öz çıxışlarında onlar GALS alətlərinin dəyərli olduğunu bir daha vurğuladılar. Aytəkin Baxışova Layihənin onun həyatına nə dərəcədə müsbət təsir göstərdiyini və bu həyat planlaşdırma alətlərindən istifadə nəticəsində karyerasındakı hansı sürətli irəliləyişlərin olduğunu emosional çıxışı ilə iştirakçıların nəzərinə çatdırdı.

Bundan sonra VF AzərKreditin Marketinq və Məhsulların İnkişafı üzrə Meneceri Mehriban Yusifova VF AzərKreditin Layihəyə qoşulması və bu Layihənin təşkilat üçün faydalarından danışdı. O qeyd etdi ki, sosial məqsədli layihələr VF AzərKredit üçün çox mühüm əhəmiyyət daşıyır, çünki təşkilat öz fəaliyyəti ilə həm maliyyə məqsədlərinə, həm də sosial məqsədlərə nail olmağa çalışır. Öz çıxışında o, Layihənin təşkilat üçün yaratdığı imkanlardan da danışmış və xüsusilə qeyd etmişdir ki, Layihə müştərilər və onların ehtiyaclarını daha yaxşı anlamağa və kredit icraçıları ilə müştərilər arasındakı münasibətlərin daha da möhkəmlənməsinə yardım etmiş, cari müştərilər VF AzərKreditin bu əlavə diqqətini yüksək qiymətləndirmiş və aydın həyat planları olan yeni müştərilər cəlb olunmuşdur. Tədbirdə iştirak edən qonaqların əksəriyyəti bu cür layihələri təqdir etdiklərini bildirmişlər.

Tədbir sual və cavab sessiyası ilə davam etmiş və sonda iştirakçılar bir-birləri ilə fikirlərini bölüşdürmüş, onları narahat edən məsələlər barədə müzakirələr aparmış və müəyyən təkliflərlə çıxış etmişlər.

Bukleti endirmək üçün bura basın
Dekabr 2011

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az